AFFA FUTBOLÇULARI VƏ KLUBLARI CƏRİMƏLƏMİŞDİR
Tədbirdə ölkə futbol çempionatının güclülər və birinci dəstələrində iştirak edən komandalar arasında keçirilmiş oyunlarda baş vermiş hadisələrə hüquqi qiymət verilmişdir.
Güclülər dəstəsində “Olimpik” –“Xəzər–Lənkəran” görüşündə yerli komandanın futbolçusu Mixail Kitelman aldığı 2-ci sarı vərəqəyə görə qırmızı vərəqə ilə cəzalandığı üçün o, NİK-in qərarı ilə növbəti oyundan kənarlaşdırılmış və təmsil etdiyi klub 200 AZN məbləğində cərimələnmişdir. “Gilan”-“Karvan” qarşılaşmasında qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 1000 AZN məbləğində cərimə edilmişdir.
“Neftçi”-“Qarabağ” görüşündən sonra yerli komandanın azarkeşləri xoşagəlməz hərəkətlərə yol verdiklərinə görə Komitə “Neftçi” PFK-nın prezidentinə məktubla müraciət edərək, gələcəkdə belə halların bir daha baş verməməsi üçün tədbir görülməsini xahiş etmişdir. Əks halda, “Neftçi” fanklubuna qarşı ciddi tədbirlər görüləcəkdir.
Çempionatın birinci dəstəsində “Masallı”-“Ədliyyə” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 100 AZN məbləğində cərimə edilmişdir. “Qaradağ”-“Rote Fahne” görüşündə qonaq komandanın futbolçusu Elvin Ələsgərov 2-ci sarı vərəqə ilə cəzalandığı üçün növbəti oyundan kənarlaşdırılmış və kluba 20 AZN məbləğində cərimə kəsilmişdir. Həmin qarşılaşmada “Qaradağ” komandasının futbolçusu Bəhruz Sultanov təhqiredici ifadələr işlətdiyinə, “Muğan”-“Energetik” görüşündə isə qonaq komandanın futbolçusu Qahir Mahmudov rəqibi vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırılmış və növbəti iki oyunda iştirakdan məhrum edilmişlər. Onların klubları 200 AZN məbləğində cərimə ödəyəcəkdir. Xatırladılan oyunda “Muğan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 100 AZN məbləğində cərimələnmişdir.