AFFA-nın təşkilatçılığı ilə Kütləvi Futbol Həftəsinə start verilib
Bakı, 18 sentyabr, AZƏRTAC
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Kütləvi Futbol Həftəsi çərçivəsində Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzinin ərazisində 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 60-a yaxın uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Festivalın sonunda iştirakçı uşaqlara UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub.
Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı birlikdə təqdim edib.
UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində növbəti belə tədbirlər Qusar rayonunda və Lənkəran şəhərində keçiriləcək.