AFİNA YAY OLİMPİYA OYUNLARININ QALİBİ FƏRİD MANSUROVUN ÇIXIŞI
Hörmətli idmançılar və qonaqlar!
Bu gün mən sonsuz sevinc hissi içərisindəyəm. Mənə Olimpiya çempionu adını qazanmaq kimi böyük şərəf nəsib olmuşdur. Bu, təkcə mənim qələbəm deyildir. Hörmətli Prezident, bu, şəxsən Sizin qələbənizdir. Bu, dünyada yaşayan hər bir azərbaycanlının qələbəsidir. Mən sevinirəm ki, Azərbaycanı dünyaya tanıtdım. Bu sahədə Sizin dəstəyiniz, xalqımızın dəstəyi mənə kömək oldu. Bütün idmançılar kimi, mən də bu köməyi, dövlətimizin qayğısını hələ yarışlara hazırlaşarkən daim hiss etmişdim. Bizim bütün problemlərimiz vaxtında öz həllini tapırdı. Olimpiya təqaüdü ilə təmin olunurduq. Rəsmi Avropa və dünya çempionatlarında iştirak edirdik.
Bütün bunlar bizim hazırlıq prosesinin çox uğurla başa çatmasına səbəb oldu. Mən özümü həm fiziki, həm də psixoloji cəhətdən yarışlara tam hazır hiss edirdim. Beləliklə, mən Olimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Bundan başqa, mən bu yarışlarda böyük təcrübə topladım. Əminəm ki, bu təcrübə növbəti olimpiya oyunlarında da yüksək nəticələr əldə etməyimə şərait yaradacaqdır.
Milli komandamızın digər üzvləri də əzmlə mübarizə aparıb dünyanın bir çox idmançılarını geri qoyaraq, 202 dövlət arasında Azərbaycanın 37-ci yerə çıxmasını təmin etdilər. Onlar mənim qazandığım qızıl medalı daha da möhkəmləndirdilər.
Cənab Prezident, mən bir daha Sizə minnətdarlığımı bildirirəm və Sizi əmin edirəm ki, bundan sonra da doğma yurdumuzun idman şərəfini beynəlxalq miqyasda ləyaqətlə qoruyacaq, böyük nailiyyətlər əldə edəcəyəm.