Ağcabədidə Milli Musiqi Günü münasibətilə sərgi açılıb
Ağcabədi, 18 sentyabr, AZƏRTAC
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pandemiya şəraitinə uyğun olaraq, açıq havada keçirilən tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva çıxış edərək, dahi bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir bəy Hacıbəylinin zəngin həyat yolu və fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyevin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Tədbirdə Üzeyir Hacıbəylinin bəstələdiyi musiqilərin sədası altında onun həyat və fəaliyyətini əks etdirən kitab, qəzet və jurnallardan, eləcə də mərkəzdə fəaliyyət göstərən kursların üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.