Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb VİDEO





Ağcabədi, 14 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
1993-cü il fevralın 9-da erməni silahlı dəstələri Xocavənd rayonunda Azərbaycan döyüşçülərinin üzərinə böyük qüvvə ilə hücuma keçirlər. Düşməndən sayca az olan Azərbaycan əsgərləri ölümün gözünə dik baxaraq hücumu dəf etməyə çalışırlar. 19 yaşlı əsgər Namiq Abdullayev bu döyüşdə xüsusilə fərqlənir. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü düşmən tankının altına atır. Zirehli texnikanın heyəti məhv olur və Vətənimizin bu cəsur oğlu əbədiyyətə qovuşur...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Qəhrəman şəhid Namiq Abdullayevin xatirəsi igid döyüşçünün adını daşıyan Ağcabədinin Avşar kənd tam orta məktəbində anılıb. Şəhidin ailə üzvlərinin, Qarabağ müharibəsi veteranlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, hərbçilərin və kənd sakinlərinin iştirak etdiyi tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb. Tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə tər qərənfillər düzüblər.
Anma mərasimində çıxış edənlər Namiq Abdullayevin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, şəhidliyi ilə ölümsüzlüyə qovuşan Milli Qəhrəman Abdullayev Namiq Vahid oğlu 1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq, Vətənimizin müdafiəsində iştirak edib. 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ermənilərin hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edərək, qəhrəmancasına həlak olub. Prezidentin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vaxtilə təhsil aldığı Avşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır.
Çıxışlarda Namiq Abdullayevin və digər şəhidlərimizin keçdiyi həyat və döyüş yolunun gənclər üçün örnək olduğu bildirilib, gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyəti yüksək qiymətləndirilib.
Sonda məktəblilər ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.