Ağcabədidə polis xüsusi karantin rejimi ilə əlaqədar tədbirləri davam etdirir
Bakı, 3 aprel, AZƏRTAC
Xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Ağcabədi rayonunda da davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb. Bu məqsədlə rayonun giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Karonavirus pandemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması üçün bir rayondan digərinə qoyulan məhdudiyyətlərlə əlaqədar avtomaşınlar saxlanılır və zəruri hal yaranmadıqda sürücülər məskunlaşdığı rayonlara geri yönləndirilir.
Həmçinin polis əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılır və onların evdə qalmalarının sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.