AĞDAMLILAR RESPUBLİKA GÜNÜNÜ SABAHA İNAMLA QEYD EDİRLƏR
Rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyev AZƏRTAC-ın müxbirinə demişdir ki, bu inamı onlarda ölkə rəhbərliyinin yeritdiyi siyasət doğurmuşdur. Dünyanın iri dövlətlərinin, beynəlxalq təşkilatların bu gün bir çox hallarda ölkəmizə münasibətdə müsbət mövqedən çıxış etməsi bu siyasətin nəticəsidir.
Bu günlər 28 May - Respublika günü münasibətilə keçirilən tədbirlərdə rayon sakinləri müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xidmətlərini minnətdarlıqla qeyd edirlər. Axı, bütün qaçqın və məcburi köçkünlər kimi, ağdamlılar da ulu öndərimizin daim diqqət mərkəzində olmuşlar. Məhz onun müvafiq fərmanlarına əsasən 2002-2003-cü illərdə yeni salınmış 4 qəsəbəyə çadır düşərgələrindən 529 ailə və ya 3 minə yaxın adam köçürülmüşdür.
Tədbirlərdə ağdamlılar dahi rəhbərin siyasi kursunu layiqincə davam etdirən Prezidentimiz İlham Əliyevin də qayğısını xüsusi vurğulayırlar. Möhtərəm Prezidentimizin 2004-cü il 4 fevral tarixli Sərəncamı ilə 3860 ailə üçün tikilən 12 müasir tipli qəsəbə yeni sakinlərini qəbul edir. Həmin qəsəbələrdə 20 minə yaxın əhali yaşayacaqdır. Əhalinin məşğulluğu da diqqət mərkəzindədir. Rayonda qum-çınqıl sexi, çörək zavodu, yüzlərlə müasir tipli ticarət obyekti, 12 dəyirman və digər müəssisələr istifadəyə verilmişdir.