ELM VƏ TƏHSİL
Agentlik: Astara Pedaqoji Kollecində kadr və struktur islahatlarına başlanılıb
Bakı, 12 mart, AZƏRTAC
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Astara Pedaqoji Kollecində keçirilən monitorinq zamanı tədrisin təşkili ilə bağlı çoxsaylı nöqsanlar aşkar edilib və bu onların aradan qaldırılması üçün agentlik tərəfindən kadr və struktur islahatlarına başlanılıb.
Nəticədə professor Kamran Kazımov Astara Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin edilib. Kamran Kazımov bu vəzifəyədək Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru vəzifəsində çalışıb. Həmçinin qeyd edək ki, K.Kazımov şəhid Vüsal Kazımovun atasıdır.
Sözügedən islahatların davamı olaraq kollecin tədris işləri üzrə direktor müavini Yusif Şahnamazov tutduğu vəzifədən azad edilib və kollecin coğrafiya müəllimi Aynur Əsgərzadə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
Kolleclərin kadr potensialının möhkəmləndirilməsi, tədris prosesinin təşkilinin yaxşılaşdırılması istiqamətində agentlik tərəfindən görülən tədbirlər davam edəcəkdir.