“Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası bizə nə vəd edir?
Bakı, 31 may, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə reallaşdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” layihələri bölgənin iqtisadi imkanlarının, infrastrukturunun, orada göstəriləcək xidmətlərin və idarəetmə sisteminin yaxşılaşdırılmasına yeni imkanlar yaradılmasını nəzərdə tutur.
Prezidenti İlham Əliyevin aprelin 19-da imzaladığı “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncamı da məhz bu yeni layihənin effektiv həyata keçirilməsi məqsədini daşıyır. Sərəncamda aydın qeyd olunur ki, müasir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Sərəncama əsasən, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin rəhbərliyi ilə mötəbər tərkibdə İşçi qrupun yaradılması da Prezidentin bu məsələyə nə qədər mühüm əhəmiyyət verdiyini təsdiq edir.
Bu fikirləri Milli Məclisin deputatı Əziz Ələkbərli AZƏRTAC-a açıqlamasında bildirib. O qeyd edib ki, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının yalnız işğaldan azad olunmuş torpaqlarda deyil, eyni zamanda, ölkəmizin digər regionlarında tətbiqi kəndlərin və şəhərlərin böyüməsini sürətləndirmək üçün texnologiya və yeniliklərdən istifadə edilməsini təmin edə bilər.
“Dünya Bankının apardığı araşdırmalara əsasən qeyd edə bilərik ki, Avropanın və Orta Asiyanın bir çox ölkələrindən fərqli olaraq, Azərbaycanda kənd əhalisi arasında gənclər say baxımından üstünlük təşkil edir və kənd yerlərində mobil əlaqə yüksək səviyyədədir. Ölkəmizin Avropa İttifaqı, Rusiya və Orta Şərq bazarlarına yaxın strateji coğrafi mövqeyi, habelə ixracat və turizmin inkişafı üçün zəmin yarada biləcək kənd təsərrüfatı məhsulları, misilsiz sənətkarlıq və mədəni irsi bu prosesin sürətlənməsinə təkan verəcək.
Son texnologiyaya və innovativ informasiya mühitinin qurulmasına əsaslanan xüsusilə “ağıllı kənd” sistemi kənd ərazilərində uzaq məsafənin və əhali sıxlığının yaratdığı məkan maneələrini aşmağa şərait yaradacaq. Urbanizasiya səviyyəsinin yüksək olduğu yerlər ilə müqayisədə, kəndlər infrastruktura, xidmətlərə və bazarlara nisbətən aşağı çıxış imkanına malikdir və yüksək əhali sıxlığından irəli gələn aqlomerasiya faydaları və iqtisadi fəaliyyətin konsentrasiyası kimi üstünlüklərdən yararlana bilmirlər. İşğaldan azad edilmiş bölgələrimiz başda olmaqla, respublikamızın digər regionlarında da “ağıllı kənd” layihəsinin tətbiq edilməsi kənd yerlərinə yatırılan investisiyanın miqdarını çoxaldacaq, texnoloji yeniliklərin köməyilə məhsuldarlıq və göstərilən sosial xidmətlərin çeşidliliyini artıracaq, yüksək sürətli fiberoptik internet və inkişaf etmiş rabitə xidmətlərinin əhatə dairəsini genişləndirəcək. Həmçinin bərpaolunan mənbələrindən istifadə edilməsi imkanları artacaq, ekoloji cəhətdən təhlükəsiz məhsulların istehsalında ciddi artım özünü göstərəcək”, - deyə deputat bildirib.