İDMAN
Ağır atletika üzrə Azərbaycan yığması Yeniyetmələrin Olimpiya Oyunlarına daha bir lisenziya əldə edib
![Ağır atletika üzrə Azərbaycan yığması Yeniyetmələrin Olimpiya Oyunlarına daha bir lisenziya əldə edib](/files/2018/2/1200x630/15354633334176422919_1200x630.jpg)
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycanın ağır atletika üzrə yeniyetmə oğlanlardan və qızlardan ibarət yığma komandası oktyabrın 6-13-də Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Olimpiya Oyunlarına daha bir lisenziya əldə edib.
Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) AZƏRTAC-a bildiriblər ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasından AAAF-a daxil olan məktubda məlumat verilib.
Lisenziyanın bir qız idmançı üçün nəzərdə tutulduğunun vurğulandığı məktubda qeyd olunub ki, Oyunların təsnifat mərhələsi sisteminə əsasən boş yerlərə yenidən idmançıların təyinatı həyata keçirilib. Bunun nəticəsində Azərbaycana əlavə bir lisenziyanın verilməsi qərara alınıb.
Ötən ilin aprelində Tailandda keçirilmiş ağır atletika üzrə yeniyetmələr arasında dünya birinciliyində oğlanlardan ibarət yığma komandamız ümumi sıralamada doqquzuncu yeri tutaraq Olimpiya Oyunlarına bir lisenziya əldə etmişdi. Bu dəfə isə qızlardan ibarət komandamızın bir üzvünə şans verilib. Beləliklə, milli komandamızın lisenziyalarının sayı ikiyə çatıb.