Ağır atletika üzrə Misir yığma komandasının Azərbaycanda təlim-məşq toplanışı olub
Bakı, 12 may, AZƏRTAC
Ağır atletika üzrə Misir yığma komandasının Azərbaycanda təlim-məşq toplanışı olub. Üç həftəlik hazırlıq mərhələsini Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mərkəzi məşq bazası olan “AAAF Park” yaşayış kompleksində keçirən qonaqlar artıq vətənlərinə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, 30-a yaxın idmançı, məşqçi və mütəxəssis heyəti ilə gələn qonaq komandanın məşq prosesi uğurlu olub. Onlara AAAF tərəfindən hər cür dəstək göstərilib. Yığma komandanın üzvləri üçün AAAF Parkda rahat qidalanma, qalma, məşq, gəzinti və digər imkanlar yaradılıb.
Misir Ağır Atletika Federasiyasının prezidenti Məhəmməd Məhcub bu barədə deyib: “Biz ötən il IV İslam Həmrəyliyi Oyunları zamanı da Bakıda olmuşduq. Budəfəki toplanışımız isə üç həftə davam etdi. Təxminən 30-a yaxın heyətlə məşqlərimizi etdik. Burada təşkilatçılıq, qidalanma, qalma, məşq üçün məkanlar və s. çox yaxşıdır. İnsanlar da çox qonaqpərvərdirlər. Toplanış zamanı heç bir çətinliyimiz olmadı, hazırlıq prosesimiz yüksək səviyyədə təşkil edildi. Toplanış zamanı xeyli gəzmək imkanımız da oldu, həm də yaxşı vaxt keçirdik və istirahət etdik”.
Azərbaycan və Misir Ağır Atletika federasiyaları arasında aparılan müzakirələrdən sonra qərara alınıb ki, gələcəkdə hər iki ölkənin yığma komandalarının həm Misirdə, həm də digər xarici ölkələrdə birgə təlim-məşq toplanışı keçirilsin.
Misir yığma komandasından əvvəl ağır atletika üzrə Səudiyyə Ərəbistanı millisi də üç həftəlik toplanışı məhz AAAF Parkda reallaşdırıb. Misir kollektivindən sonra ərəb regionundakı daha bir neçə ölkə və digər yığma komandalar da Azərbaycana gələrək toplanış keçməyi planlaşdırır.