Ağstafada 31 mart soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir
Ağstafa, 31 mart (AZƏRTAC, Famil Quliyev). Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova, rayon təhsil şöbəsinin əməkdaşı Əli Cəfəroğlu, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, Qarahəsənli kənd orta məktəbinin müəllimi Azər Hüseynov, Heydər Əliyev Mərkəzinin elmi işçisi Layiq Qələndərov 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilmiş soyqırımından söhbət açmışlar.
Bildirilmişdir ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusilə genişlənmişdir. Həmin illərə aid tarixi sənədlər Şamaxıda, Qubada, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və Bakı şəhərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin dağıldığını sübut edir.
Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə verilən ilk siyasi qiymət olmuşdur. Bu Fərman indiki və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəddir.
Çıxışlarda mart hadisələrində azərbaycanlıların yaşadıqları 150-dən çox kəndin xarabalığa çevrildiyi, yüz minlərlə azərbaycanlının qətlə yetirildiyi, yüzlərlə tarixi abidələrin və məscidlərin yandırılaraq dağıdıldığı diqqətə çatdırılmışdır.