Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur VİDEO
Bakı, 6 mart, AZƏRTAC
Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişindaşımasını asanlaşdırmaq istiqamətində sərəncam və tapşırıqlarına, həmçinin regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ölkənin dörd bir yanında yol infrastrukturunun yenilənməsi və müasirləşməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Ağstafa rayonu ərazisində də yol infrastrukturunun yenidən qurulması istiqamətində xeyli iş görülüb və görülməkdə davam edir. Onlardan biri Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərini birləşdirən avtomobil yollarıdır.
Sözügedən marşrut üzrə 10 kilometr uzunluğunda yolun hərəkət hissəsində qabarmalar və çökmələr, çalalar əmələ gəlib. Avtomobil yolunun Qarahəsənli kəndinin ərazisindən keçən hissəsində yolun uzunluğu 2 kilometr, Kolayır kəndinə giriş yolunun uzunluğu 1,8 kilometr, enləri isə 5-6 metr arasında dəyişir və yol əsası ilə yol geyiminin V texniki dərəcəyə uyğun bərpası tələb olunur. Düzqışlaq-Molla Cəfərli-Xılxına avtomobil yolunun uzunluğu 6,2 kilometrdir və yolun 3,7 kilometri IV texniki dərəcəyə, 2,5 kilometr hissəsi isə V texniki dərəcəyə uyğun əsaslı təmir olunmalı idi.
Bu səbəbdən sözügedən yollar üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.
Tikinti layihəsinə uyğun olaraq yolun əsasında dağılmış hissələr müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək yayılır və kipləşdirilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır. Bundan başqa çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülür.
Yol əsası hazır olan hissələrə isə layların əlaqələndirilməsi üçün bitum səpilir və örtüyün alt qatı iri dənəli, üst qatı isə xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Artıq yolun təqribən 4 kilometrlik hissəsi texnoloji ardıcıllığa riayət olunmaqla inşa işləri aparılaraq yekunlaşdırılıb.
Yolun altından suların ötürülməsini təmin etmək məqsədilə 8 ədəd mövcud dəmir suötürücü boru qazılaraq çıxarılıb, əvəzinə yeni dəmir-beton boruları quraşdırılıb və başlıqlarının tikintisi aparılıb.
Mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra hərəkətin normal təşkili üçün yola 50 ədəd yol nişanı və 420 ədəd siqnal dirəkləri quraşdırılacaq, 30 kilometr uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək.
4 mindən artıq əhalinin yaşadığı Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərini birləşdirən avtomobil yollarının yenidən qurulması işlərinin yaxın müddət ərzində tam olaraq yekunlaşdırılması planlaşdırılır.