Ağstafada “Nəsildən-nəslə: Qərbi Azərbaycan həqiqətləri” mövzusunda tədbir təşkil olunub
Ağstafa, 18 iyul, AZƏRTAC
Ağstafada “Nəsildən-nəslə: Qərbi Azərbaycan həqiqətləri” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyəti, Ağstafa Rayon Ağsaqqallar Şurası və "Qərbi Azərbaycan İcması"nın Qazax–Ağstafa nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Həsənsu kənd tam orta məktəbinin akt zalında reallaşıb. Tədbirdə Qərbi azərbaycanəsilli şəxslər, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxışında bildirib ki, 1948–1953-cü illərdə və 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya və qovulma nəticəsində yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınıb. O qeyd edib ki, bu gün həmin insanların varisləri tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması missiyasını layiqincə davam etdirirlər.
L.Eyyubova, həmçinin vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və soydaşlarımızın ləyaqətli şəkildə öz tarixi torpaqlarına qayıdış hüququnun təmin olunması istiqamətində ardıcıl iş aparılır.
Sonra Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, Bakı Dövlət Universitetinin müəllimi Qismət Cəfərov, "Qərbi Azərbaycan İcması"nın Qazax–Ağstafa nümayəndəliyinin üzvü Səkinə Cəlilova, Tatlı kənd tam orta məktəbinin direktoru Fəridə Həsənova, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev və digər çıxış edənlər mövzu ətrafında fikirlərini bölüşərək Qərbi Azərbaycanla bağlı tarixi faktların gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.
Müxbir -Ruslan Novruzoğlu