AĞSTAFADA TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ağstafa Rayon Mədəniyyət Evində rayonun təhsil işçilərinin 2007-2008-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş konfransı keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə əklil və tər çiçək dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Rayon təhsil şöbəsinin müdiri Labidə Batıyeva ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə etmişdir. Məruzədə bildirilmişdir ki, 2007-2008-ci tədris ilinin məzunlarından 520 nəfəri ali məktəblərə sənəd vermişdir. Onlardan 137 nəfəri tələbə adını qazanmışdır ki, bu da ümumi sənəd verənlərin 26,3 faizi deməkdir. Ali məktəblərə qəbul olunanların 4 nəfəri 600-dən, 24 nəfəri isə 500-dən artıq bal toplamışdır. Ötən illə müqayisədə 600-dən çox bal toplayanların sayı 2 dəfə, 500-dən artıq bal toplayanların sayı isə 2,4 dəfə artmışdır.
Yeni dərs ilinə hazırlıq məsələlərinə toxunan məruzəçi bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində Ağstafa şəhər 1 nömrəli orta məktəbi üçün 480 şagird yerlik, Aşağı Göycəli kənd orta məktəbi üçün 360 şagird yerlik binaların tikintisi davam etdirilir. Vurğun qəsəbə, Köçəsgər kənd 2 nömrəli və Qarahəsənli kənd əsas məktəbləri təmir edilmişdir. Şəhər 2 nömrəli və Dağ Kəsəmən 1 nömrəli orta məktəblərində əsaslı təmir işləri davam etdirilir. Rayonun digər məktəblərində isə cari təmir işləri başa çatmış, təhsil ocaqları yeni dərs ilinə hazırlanmışdır.
Konfransda təhsil nazirinin müavini İradə Hüseynova, rayon icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək yeni dərs ilində Ağstafanın pedaqoji kollektivlərinin qarşısında duran vəzifələrdən danışmışlar.