Hüseyn Hüseynov: Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün innovativ alətlərə ehtiyac artır
Bakı, 16 iyun, AZƏRTAC
Qlobal iqtisadi və geosiyasi dəyişikliklər fonunda dayanıqlı inkişafın maliyyələşdirilməsinə yanaşmalarda yeni mexanizmlərin tətbiqi zəruridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən 8-ci SDG Dialoqu: “Davamlı İnkişaf üçün İnnovativ Maliyyələşmə – Yardımdan və Ənənəvi Rəsmi İnkişaf Yardımından (ODA) kənar yanaşmalar” adlı sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dayanıqlı infrastruktur, təmiz enerji, iqlim dəyişikliklərinə uyğunlaşma, kənd təsərrüfatı, rəqəmsal transformasiya və insan kapitalının inkişafı sahələrində əhəmiyyətli maliyyə çatışmazlığı mövcuddur.
“Ənənəvi rəsmi inkişaf yardımının məhdudlaşdığı və orta gəlirli ölkələrin güzəştli maliyyə resurslarına çıxış imkanlarının daraldığı şəraitdə qarışıq maliyyələşdirmə mexanizmləri, rəqəmsal maliyyə həlləri, dayanıqlı kapital bazarı alətləri və dövlət-özəl tərəfdaşlıqları daha böyük əhəmiyyət qazanır”,- deyə o qeyd edib.
H.Hüseynov bildirib ki, dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün milli prioritetləri regional və qlobal təşəbbüslərlə uzlaşdıran inteqrasiya olunmuş yanaşmanın tətbiqi vacibdir.