REGİONLAR
Ağsu Regional Qaz İstismar İdarəsi: Qazlaşdırmanın səviyyəsi 98,4 faizə çatdırılacaq
![Ağsu Regional Qaz İstismar İdarəsi: Qazlaşdırmanın səviyyəsi 98,4 faizə çatdırılacaq](/files/2020/1/1200x630/1581406467467363741_1200x630.jpg)
Ağsu, 11 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətinin artmasına, nəticə etibarı ilə insanların sosial rifahının yaxşılaşdırılmasına, yaşam tərzinin yüksəlməsinə xidmət edir. Bu gün respublikamızda reallaşdırılan sosial layihələr, o cümlədən ən ucqar kəndlərin belə qazlaşdırılması istiqamətində görülən işlər bu siyasətin parlaq nəticəsidir. Hazırda ölkəmizin demək olar ki, bütün yerlərində qazlaşdırma təmin edilib. Ölkə üzrə qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, idarə 7 inzibati rayonu əhatə edir. Bu rayonlara Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Ucar, Göyçay və İsmayıllı bölgələri daxildir. Artıq Ağsu rayonu üzrə qazlaşmanın səviyyəsi 100 faizdir. Habelə, Kürdəmirdə 99,4 faiz, Göyçayda 98,2 faiz, Qobustanda 97,7 faiz, Ucarda 97,3 faiz, Şamaxıda 96,8 faiz, İsmayıllıda isə 82,8 təşkil edir.
Dövlət investisiya proqramında qazlaşdırmaya 130 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsaitdən istifadə edərək bir çox kəndlər - bu gün də hələ qaz almayan kəndlər qazlaşdırılacaq. Qeyd edək ki, Ağsu Regional Qaz İstismar İdarəsinin xidməti ərazisi üzrə bir sıra yaşayış məntəqələrinin qazlaşdırılması da nəzərdə tutulur. Göyçay, Şamaxı, İsmayıllı, Qobustan, Ucar rayonları üzrə cari ildə 22 yaşayış məntəqəsinin qazlaşdırılması planlaşdırılır. Nəzərdə tutulan işlərin icrasından sonra, ümumilikdə, regional qaz istismar idarəsi üzrə təbii qazla təmin edilən abonentlərin sayı təqribən 126000-ə, qazlaşdırmanın səviyyəsi isə 98,4 faizə çatdırılacaq.