AĞSUDA SUDAN SƏMƏRƏLİ İSTİFADƏ OLUNUR
Ağsu, 5 avqust (AZƏRTAC). Ağsu rayonunda əkinlərin və həyətyanı sahələrin suvarılması əsasən Girdiman və Ağsu çayları, Yuxarı Şirvan kanalı, bu kanalın Ağsu qolu və Cavanşir gölü vasitəsilə təmin olunur.
İsti yay aylarında çaylarda suyun azalması, Cavanşir gölünün tədricən lillənməsi bir sıra çətinliklər yaratsa da, sudan qənaətlə və itkisiz istifadə edilməsi sahəsində həyata keçirilən tədbirlər bu il sakinlərin ciddi problemlərlə üzləşmələrinin qarşısını almışdır.
Prezident İlham Əliyevin hələ 2006-ci il iyunun 30-da Ağsuya səfərinin nəticəsi olaraq, rayonun bir sıra çətinliklərinin, o cümlədən yay aylarında təsərrüfat suyuna olan ciddi ehtiyacın aradan qaldırılması məqsədilə Yuxarı Şirvan kanalının Ağsu qolunun əsaslı təmiri üçün ayırdığı 1 milyon manat vəsait problemlərin həllində mühüm rol oynamışdır. Bu vəsaitlə 10 ildən çox müddətdə istifadəsiz qalan kanal təmir edilərək yenidən istismara buraxılmışdır. Hazırda bu kanal vasitəsilə 10 min hektaradək ərazi suvarılır.
Cari ilin qış və yaz aylarında hidrotexniki qurğularda, təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda 100 min manatlıq təmir və lildəntəmizləmə işləri görülmüşdür. Cəfərli, Cəlayir, İlxıçı, Sarvan, Çiyni, Növcü, Muradlı və Təklə kəndləri ərazilərində 46 kilometr təsərrüfatdaxili arxlar lildən təmizlənmişdir. Nəticədə bu kəndlərdə su itkisinin qarşısı alınmış, uzun illərdən bəri mövcud olan su qıtılığı problemi aradan qaldırılmışdır.