AHİK-də ali məktəb tələbələrinə adlı təqaüdlər təqdim edilib
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Onun sözlərinə görə, hər il aztəminatlı ailələrdən olan 220-dən çox tələbə pulsuz yeməklə təmin edilir.
Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 65 nəfər ali məktəb tələbəsinə ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.
Qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günədək ali təhsil müəssisələrində qış və yay sessiyalarının nəticələrinə görə uğur əldə etmiş 2849 tələbə bu təqaüddən yararlanıb.