Ahıl sakinlər üçün təbiət gəzintisi təşkil olunub
Naxçıvan, 4 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, sosial könüllülərin iştirakı ilə bir qrup sosial qayğıya xüsusi ehtiyacı olan ahıl sakinlərin iştirakı ilə təbiət gəzintisi təşkil edilib, burada onlar üçün çay süfrəsi açılıb.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ahıllara Naxçıvan Aşıqlar Birliyinin üzvlərinin ifasında saz havalarından ibarət musiqi proqramı da təqdim olunub. Daha sonra ahıl sakinlər Şahbuz şəhərində yerləşən Ahıllar evinə gəlib, burada yaradılan şərait və göstərilən xidmətlərlə tanış olublar. Görüş nahar süfrəsi ətrafında davam etdirilib.
Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.
Muxtar respublikanın tarixi yerlərinə, ziyarət ocaqlarına, mədəniyyət müəssisələrinə ahılların ekskursiyaları qarşıdakı dövr ərzində də davam etdiriləcək.
Qeyd edək ki, muxtar respublikada ahıl sakinlərə xüsusi diqqət göstərilir, onların sosial müdafiəsi diqqət mərkəzində saxlanılır. Xüsusən, sosial qayğıya ehtiyacı olan ahıl vətəndaşların sağlamlıqlarının qorunması, məişət məsələlərinin həlli, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə nazirliyin tabeliyində fəaliyyət göstərən Ahıllar evinin sakinləri və sosial xidmətə cəlb edilmiş tənha ahıllar mütəmadi olaraq tibbi müayinədən keçirilir, müalicələrinə köməklik göstərilir, əlamətdar günlərdə onlarla görüşlər təşkil olunur, sovqatlar təqdim edilir. Bununla yanaşı, sosial xidmət göstərilən tənha ahılların muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintilərinin, sosial könüllülərin iştirakı ilə onların yaşayış yerlərində iməciliklərin keçirilməsi ahıllara göstərilən dövlət qayğısının növbəti nümunəsidir.