SİYASƏT
Aİ İŞ YERLƏRİNDƏN KƏNARDA AYRI-SEÇKİLİYƏ QADAĞA QOYAN DİREKTİVİN LAYİHƏSİNİ BƏYƏNMİŞDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Avropa Komissiyası iş yerlərindən kənarda ayrı-seçkiliyin qanunvericilik qaydasında qadağan olunmasını təklif edir.
Aİ-nin Avropa Komissiyasında bəyənilmiş direktivinin layihəsində sosial müdafiə, səhiyyə, təhsil, əmtəə və xidmətlərdən istifadə və sair sahələrdə yaş, əmək qabiliyyətinin itirilməsi, seksual oriyentasiya və dini əqidə zəminində ayrı-seçkiliyin qadağan edilməsi nəzərdə tutulmuşdur.
Avropa İttifaqının məşğulluq, sosial və bərabər imkan məsələləri üzrə komissarı Vladimir Şpidla mətbuat konfransında demişdir: “Bərabər münasibət hüququ fundamental hüquqdur, lakin Aİ-də milyonlarla insan gündəlik həyatda hələ də ayrı-seçkilik hiss etməkdədir”.
Ayrı-seçkiliyin qadağan edilməsi direktivin layihəsində birbaşa və dolayısı ilə nəzərdə tutulur, lakin bu, xidmət təklif edənlər üçün əlavə əngəllər törətməyəcəkdir. Bundan əlavə, direktivdə ahıllar üçün xüsusi endirimlərin müəyyənləşdirilməsi, yaxud bəzi malların, o cümlədən azyaşlılara alkohollu işkilərin satışının məhdudlaşdırılması kimi proteksionist vasitələrdən imtina edilməsi də nəzərdə tutulmur.
Layihə Avropa Komissiyasının yeni sosial təşəbbüsü çərçivəsində bəyənilmişdir.