Aİ Komissiyası Şengen ölkələrindən viza müraciəti tarixlərinin artırılmasını xahiş edir
Bakı, 15 sentyabr, AZƏRTAC
Şengen sazişinə üzv ölkələr konsulluqlarda viza müraciətləri üçün boş slotları artırmalıdır, çünki indi viza üçün müraciət edənlərin müstəqil şəkildə boş “pəncərə” tapmaq imkanları çətinləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının daxili işlər üzrə nümayəndəsi Anitta Hipper bildirib.
O deyib ki, koronavirus pandemiyasından sonra müxtəlif ölkələrdə Şengen vizası üçün müraciət etmək istəyənlərin sayı həddindən artıq çoxalıb. Turistlərin əksəriyyəti bəzi ölkələrə bu viza ilə gedə bilmək üçün pasportlarını rəsmiləşdirməyə təqdim edəndə çətinliklərlə üzləşdiklərini bildirirlər. Problem təkcə əməkdaşların sayının azlığında deyil, həm də müraciət edəni avtomatik olaraq qeydiyyata alan xüsusi proqramlardadır. Sayı onsuz da az olan “boş” spotlar yaranan kimi, onları botlar cəmi bir neçə saniyə ərzində ələ keçirir və insanların müstəqil şəkildə viza müraciətinə yazılmaq şansını sıfıra endirir. Bir qayda olaraq, belə mürəkkəb IT alətləri kommersiya əsasları ilə fəaliyyət göstərir.
“Avrokomissiya üzv dövlətlərin viza orqanlarını öz operativlik imkanlarını artırmağa və daha çox boş müraciət tarixi əlavə etməklə, bu problemi həll etməyə çağırır, - deyə A.Hipper əlavə edib. Onun sözlərinə görə, müxtəlif ölkələrdə viza mərkəzlərinin sayının artırılmasına da ehtiyac var.
Viza üçün müraciət edənlərin diqqət yetirdiyi daha bir səbəb sənədlərə uzun müddət ərzində baxılmasıdır. Viza üçün yazılmaq əbədi prosesə çevrilib, slotun nə vaxt veriləcəyi isə ümumiyyətlə məlum deyil. Üstəlik, bəzi konsulluqlar pasportları 2 ay saxlayır, daha sonra isə yalnız bir həftəlik viza verirlər”, -deyə turistlər iradlarını bildirirlər. Avrokomissiya nümayəndəsinin fikrincə, bu məsələlər sırf əməkdaşların sayının az olması ilə əlaqədardır.
A.Hipperin sözlərinə görə, problem, əsasən, viza prosedurunun rəqəmsallaşdırılmasından sonra öz həllini tapacaq. Vətəndaşlar sənəd yığmalı olmayacaqlar, onları viza mərkəzlərinə təqdim etməyəcəklər, pasportlarını uzun müddət orada qoymalı olmayacaqlar. Bütün proses onlayn formatda olacaq ki, bu da ləngimələrin aradan qalxmasına və konsulluqların vizaya müraciət edənlər üçün ayrıca vaxt ayırmamalarına gətirib çıxaracaq.