AİB-in dəstəyi ilə StartupFestGəncə keçirilir
Bakı, 28 aprel, AZƏRTAC
Asiya İnkişaf Bankının (AİB) yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardım layihəsi çərçivəsində StartupFestGəncə təşkil olunur.
AZƏRTAC AİB-ə istinadla xəbər verir ki, StartupFestGəncə proqramı AİB və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində keçirilir və Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edir.
Proqramın məqsədi bu regionda yaşıl enerji, kənd təsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar istiqamətində startapların formalaşmasına təkan verməkdir.
Texniki Yardım layihəsi Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır. 15 komandadan ibarət gənclərin qoşulduğu təlimlərdə texnoloji startap sahəsində peşəkar təcrübəyə malik ekspertlər tərəfindən müştəri problemlərinin aydınlaşdırılması, bazarda perspektiv vəd edən boşluqların müəyyənləşdirilməsi, hədəf auditoriyasının təyin olunması, bazarın araşdırılması, satışın planlaşdırılması, rəqəmsal marketinqin təşkil olunması, o cümlədən iş modelinin qurulması və uğurlu texnoloji startap təsis etmək üçün tələb olunan digər məsələlərə dair ətraflı məlumat verilib. Gənclər 3 həftə davam edən təlim, seminar və təqdimatlar vasitəsilə yiyələndikləri bilik və bacarıqları müsabiqənin final mərhələsi üçün təqdim etdikləri yekun layihələrində də müvəffəqiyyətlə tətbiq ediblər.