“AİLƏ, QADIN, UŞAQ” ADLI XÜSUSİ NƏŞR İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
Xüsusi buraxılış Beynəlxalq Ailə Günü və 1 İyun - Uşaqları Beynəlxalq müdafiə gününə həsr olunmuşdur.
Komitənin sədri Hicran Hüseynovanın redaktorluğu ilə işıq üzü görmüş buraxılışda Azərbaycan qadınlarının ləyaqətli nümayəndələrindən biri, istedadlı oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirələri ehtiramla yad olunur. Yaradıcı kollektiv keçmiş Qadın Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri, yarım il əvvəl dünyasını dəyişmiş Zəhra xanım Quliyevanı da yada salmış, ona “Nurlu xatirələr” adlı məqalə həsr etmişdir.
“Müqəddəs ailə borcu” yazısında Hicran xanım Beynəlxalq Ailə Günü münasibətilə düşüncələrini oxucularla bölüşür. “Əməkdaşlıq davam edəcək” materialı isə BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 50-ci sessiyası, burada iştirak etmiş nümayəndə heyətimizin fəaliyyəti haqqında hesabatdır.
Xüsusi buraxılışda oxuculara Komitə sədrinin müavini Sədaqət Qəhrəmanovanın “Uşaq problemlərinin həllində yeni mərhələ”, “Səadət” sarayının direktoru Həqiqət Səlimovanın “İlkin və sarsılmaz”, Nigar Mənsimlinin “Sonbeşiyi olmayan ailə”, Lətafətin “Divarın o tayındakı dünya” məqalələri, ağcabədilili müəllim Elmira Məlikovaya və məcburi köçkün Qürbət Məmmədova həsr olunmuş “Analıq haqqı qazanan qadın”, “Beş oğul atası” zarisovkaları, “Beynəlxalq Ailə Günü geniş qeyd edildi” podborkası, Dövlət Komitəsinin fəaliyyətindən bəhs edən fotoreportaj, müxtəlif xəbərlər təqdim olunmuşdur.
Xüsusi buraxılışın hər bir səhifəsi Məhəmməd Peyğəmbərin, Hötenin, Bethovenin, Maksvellin, Demokritin, Helbertin, Karneginin, Lokkun, Dümanın, Balzakın ailə, ana, uşaq, tərbiyə haqqında deyimləri ilə müşayiət olunur.