Akademik: Elmə və maarifçiliyə dəyər vermək Heydər Əliyev məktəbinin əsas prinsiplərindəndir

Bakı, 23 may, AZƏRTAC
Dünya miqyasında cərəyan edən sosial-siyasi, iqtisadi və mədəni dəyişikliklər ciddi elmi təhlil və diqqətli müşahidə tələb edir. Bu dəyişikliklər təkcə geosiyasi xəritəni deyil, həm də insanların düşüncə tərzini, dəyərlər sistemini və gələcək baxışlarını köklü şəkildə formalaşdırır. Bu proseslərin dərk olunmasında, ideya və fəaliyyətlərin arxasında duran məna qatlarının açılmasında elmin və maarifləndirmənin mühüm rolu var. Bu gün gələcəyin əsas dayağını təşkil edən gənc nəslin elmə, təhsilə və ictimai şüura olan marağı cəmiyyətimizin sabahına verilmiş ən böyük sərmayədir. Heydər Əliyev məktəbi bu baxımdan yalnız siyasi irs deyil, eyni zamanda, əxlaqi, ideoloji və strateji düşüncə sistemidir. Bu məktəbin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi milli kimliyimizin və dövlətçilik ənənələrimizin qorunmasına mühüm töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA-nın akademik-katibi Arif Həşimov mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi çərçivəsində “Biz Heydər Əliyev məktəbini öyrənirik” adlı maarifləndirici tədbirdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bu gün dünya dəyişir və bu dəyişikliklərə uyğun olaraq Azərbaycanın da öz elmi potensialını, maarifçilik ənənələrini və strateji baxışlarını daha da inkişaf etdirməsi vacibdir: “Heydər Əliyev məktəbinin əsas prinsipləri – dövlətə sədaqət, milli maraqlara bağlılıq, yüksək vətəndaş məsuliyyəti və elmə dəyər vermək müasir gənclər üçün nümunəvi bir yol xəritəsidir. Elm və təhsil sahəsində əldə edilən uğurlar yalnız texniki tərəqqi baxımından deyil, həm də cəmiyyətin mənəvi inkişafı və dövlətin dayanıqlı gələcəyi üçün mühüm əhəmiyyət daşıyır”.
Akademikin fikrincə, gənc nəslin milli ideologiyaya və elmi dünyagörüşə əsaslanan şəkildə yetişdirilməsi Azərbaycanın inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilməlidir.