Akademik Validə Əlizadə: Azərbaycanın e-florasının hazırlanmağı istiqamətində məqsədyönlü işlər aparılır
Bakı, 21 aprel, AZƏRTAC
AMEA-nın digər elmi müəssisələri kimi, Botanika İnstitutu da “Evdə qal” layihəsinə qoşularaq, əmək fəaliyyətini dövlət tərəfindən müəyyən edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq onlayn formada həyata keçirir.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə rəhbərlik etdiyi müəssisənin xüsusi karantin rejimi müddətindəki elmi-təşkilati fəaliyyəti ilə bağlı məlumat verib. O, mövcud rejimlə əlaqədar olaraq institutun 2020-ci il üçün təsdiq edilmiş elmi-tədqiqat planına uyğun eksperimental işlərin davam etdirilməsinin qeyri-mümkün olduğunu söyləyib: “Lakin əməkdaşlar eksperimental nəticələrin təhlili, məqalələrin işlənilməsi, yeni ədəbiyyat materialları üzrə müvafiq xülasələrin hazırlanması və s. kimi nəzəri işləri yerinə yetirirlər".
Alim bildirib ki, Botanika İnstitutunun 2018-ci ildə rəsmi olaraq, beynəlxalq tələblərə uyğun təsis edilmiş dövrü nəşri olan “Plant & Fungal Research” jurnalının redaksiya heyətinin üzvləri də istər yerli, istərsə də beynəlxalq səviyyədə əməkdaşlığı uğurla davam etdirirlər. Artıq jurnalın 2020-ci ilin iyun ayı üçün nəzərdə tutulan 4-cü nömrəsinin tərtibatına başlanılıb.
Akademik V.Əlizadə bu çətin günlərdə müəssisə əməkdaşlarının bəzi kitab və məqalələrinin yerli və beynəlxalq elmi dərgilərdə nəşr edilməsini sevindirici hal kimi qiymətləndirib. O, eyni zamanda, institutun struktur bölmələri tərəfindən zəruri elmi-təşkilati işlər görüldüyünü, AMEA Rəyasət Heyətindən, Biologiya və Tibb Elmləri Bölməsindən daxil olan qərar və sərəncamların, müvafiq tapşırıqların icra prosesində olduğunu diqqətə çatdırıb.
İnstitut direktoru Azərbaycanın e-florasının hazırlanması istiqamətində məqsədyönlü işlər aparıldığını qeyd edərək, bu çərçivədə Azərbaycan florasının təbii, ksenofit və adventiv vaskulyar (damarlı) bitkilərinin mövcud müasir təsnifat və nomenklaturaya uyğun məlumat siyahısının tərtib olunduğunu deyib. Bildirib ki, bu məlumat siyahısının “Azərbaycanın çiçəksiz ali bitkiləri” adlanan kitabının akademik İradə Hüseynovanın elmi redaktoru və özünün məsul redaktoru olduğu I cildi COVID-19 pandemiyası ilə əlaqədar olaraq yalnız elektron versiyada işıq üzü görüb.
Alim qurumun veb-saytında mütəmadi olaraq AMEA-nın və institutun həyatında baş verən yeniliklərə dair məlumatların yerləşdirildiyini deyib.
Validə Əlizadə institutda botanika, bitki fiziologiyası, mikologiya və ətraf mühitin mühafizəsi və bioloji monitorinq ixtisasları üzrə təhsil alan 9 magistranta təsdiqlənmiş II semestr dərs cədvəli və fənn sillabuslarına uyğun olaraq “Skype” və “Zoom” proqramları vasitəsilə dərslər keçirildiyini vurğulayıb. “Elmi rəhbərlər tərəfindən II kurs magistrantlarına (3 nəfər) dissertasiya işlərinin vaxtında tamamlanması üçün elmi-metodiki məsləhətlər verilir. Həmçinin mühazirə və təqdimatların elektron forması magistrantların e-poçt ünvanlarına göndərilir. Dərslərin gedişini əks etdirən şəkil və videolar Təhsil şöbəsinə təqdim edilir", - deyə direktor əlavə edib.
Akademik V.Əlizadə sosial sahədə də işlərin mövcud vəziyyətin tələblərinə uyğun şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. O, institutda çalışan 10 aztəminatlı əməkdaşa, birbaşa ünvanlarına çatdırılmaqla pul vəsaiti ilə maddi yardım göstərildiyini qeyd edib. Bildirib ki, bu aksiyanın davam etdirilməsi və Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna Botanika İnstitutu tərəfindən vəsait köçürülməsi nəzərdə tutulur.