ELM VƏ TƏHSİL
Akademik Yusuf Məmmədəliyevin Memorial Muzeyinə videoekskursiyalar təşkil olunur
![Akademik Yusuf Məmmədəliyevin Memorial Muzeyinə videoekskursiyalar təşkil olunur](/files/2020/1/1200x630/15876343154552420473_1200x630.jpg)
Bakı, 23 aprel, AZƏRTAC
Dünya şöhrətli kimyaçı-alim, akademik Yusuf Məmmədəliyevin Memorial Muzeyi ilə onlayn tanış olmaq məqsədilə videoekskursiya hazırlanıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və AMEA akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən bu muzeydə yerli və xarici qonaqlar hər zaman yüksək səviyyədə qarşılanıb və görkəmli alimin həyatı, elmi və ictimai fəaliyyəti haqqında yüksək səviyyədə məlumatlandırılıblar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dünyada pandemiya elan edilən COVID-19 virusunun yayılması səbəbindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin muzeylərin onlayn şəkildə fəaliyyəti üzrə hazırlanan tədbirlər planını əldə rəhbər tutaraq akademik Yusuf Məmmmədəliyevin Memorial Muzeyi də müvafiq istiqamətdə işini davam etdirir. İnstitutun direktoru, akademik Vaqif Abbasovun rəhbərliyi ilə muzeydə ziyarətçilərlə təması qiyabi davam etdirmək üçün müvafiq şərait yaradılıb. Bununla əlaqədar olaraq muzeyin direktoru, kimya elmləri doktoru, professor Reyhan Əliyevanın bələdçiliyi ilə muzeylə yaxından tanışlıq məqsədilə geniş videoekskursiya hazırlanıb. Videoekskursiya ilə linklərdə https://www.youtube.com/watch?v=4RZS-e-MPbI və https://www.youtube.com/watch?v=DomxPwBE6p4&t=612s tanış olmaq mümkündür. Videoekskursiyalar sayəsində tamaşaçılar müasir və nəfis şəkildə qurulmuş muzeyin zalları, eksponatları, müharibə dövrünü, insanın kosmosa ilk uçuşunu, alimin elmi kəşflərini, misilsiz nailiyyətlərini nümayiş etdirən maketləri, tabloları izləyə bilərlər.