AZƏRTAC “Fərqanə.ru” saytına istinadla xəbər verir ki, Qırğızıstanın sabiq Prezidenti Əsgər Akayevin qızı Bermet Akayeva hesab edir ki, ABŞ-da çirkli pulların yuyulmasına dair cinayətkar qruplaşmanın təşkili barədə atasına qarşı irəli sürülən ittihamlar Birləşmiş Ştatlarda seçkiqabağı mübarizənin başlanması ilə bağlıdır. O, adı çəkilən sayta məxsusi müsahibəsində bildirmişdir ki, Akayevin ünvanına ittihamlar olan məqalə En-Bi-Si Nyusda Birləşmiş Ştatlarda hazırkı seçkiqabağı şərait çərçivəsində verilə bilərdi, çünki köhnə hadisələri yenidən araşdırıb, heç bir səbəb olmadan kiçik dəyişiklik və cüzi əlavələrlə dərc etməyə ehtiyac yoxdur. B.Akayeva demişdir ki, atasını gözdən salan materialın dərci Qırğızıstandakı siyasi vəziyyətlə bağlı deyildir.
Xatırladaq ki, MSNBC saytı bu yaxınlarda ABŞ Federal Təhqiqat Bürosunun məruzəsindən parçalar dərc etmişdir. Sənəddə deyilirdi ki, Qırğızıstanın sabiq Prezidenti Əsgər Akayevin ailəsi cinayətkar fəaliyyətlə məşğul olan saxta şirkətlərin ABŞ-da geniş beynəlxalq şəbəkəsinin fəaliyyətini əlaqələndirmişdir.
Söhbət Bişkek ətrafında “Manas” hava limanının aviabazasında yerləşən Amerika təyyarələri üçün 2 yanacaq tədarükçüsünün aldığı yüz milyonlarla dollar vəsaitdən gedir. Həmin pullar Akayevlər ailəsinin hesablarında saxlanılır.