MƏDƏNİYYƏT
Akif Marifli: Azərbaycan Türkiyədə keçiriləcək kitab sərgisində zəngin mədəni proqramla təmsil olunacaq
İstanbul, 20 sentyabr, Günel Karatepe, AZƏRTAC
Azərbaycan bu il ilk dəfə olaraq ölkədən xaricdə keçiriləcək beynəlxalq kitab sərgisində “Fəxri qonaq” qismində iştirak edəcək. Ölkəmiz tədbirdə Xalq şairləri, Xalq yazıçıları və digər tanınmış simalarımızın iştirakı ilə zəngin mədəni proqramla təmsil olunacaq. Sərgidə iştirakımızın digər tərəfi isə iki ölkə nəşriyyatları arasında təcrübə mübadiləsinin formalaşdırılmasıdır. Fikrimcə, Türkiyə regionun kitab sənayesi üzrə lider ölkələrindəndir. Bu baxımdan bizim naşirlər və nəşriyyatların da Türkiyənin aidiyyəti sahəsindən faydalanması bizim üçün kitab sahəsində nəzərdə tutulan inkişafının müəyyən hissəsini təşkil edəcək.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib.
O deyib: “Azərbaycan xaricdə kitab sənayesi üzrə ilk dəfə təmsil olunacağı tədbir olaraq 41-ci Beynəlxalq İstanbul Kitab Sərgisini seçib. Burada Türkiyənin kitab sənayesi üzrə böyük təcrübəsinin olması və son beş ildə ölkələrimiz arasında bu sahədə müxtəlif təmasların həyata keçirilməsi əsas məqamlardandır. Bu təmaslar çərçivəsində kitabxanalar, kitab sənayesi və bu kimi bir sıra sahələr üzrə böyük təcrübə mübadiləsi aparılıb. Buna Türkiyə tərəfindən aidiyyəti mütəxəssislərin Azərbaycana mütəmadi sıx səfərləri də daxildir”.
Ölkələrimiz arasında hər sahədə olduğu kimi, bu istiqamətdə də əlaqələrin daha da inkişaf etdiyini vurğulayan şöbə müdiri bildirib ki, son olaraq ortaq layihə əsasında Azərbaycan kitabxanalarında KOHA proqramı tətbiq edilib. Bu proqram ölkəmizdəki kitabxanalarla yanaşı, Türkiyə kitabxanaları ilə də inteqrasiyanı təmin edəcək.