Aktauda ulu öndər Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar mərasim keçirilmişdir
Aktau, 10 may (AZƏRTAC). Azərbaycanın Aktaudakı Baş konsulluğu Məngistay vilayəti üzrə “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə RENEISSANSE-Aktau otelində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı mərasim keçirmişlər. Tədbirdə diasporumuzun üzvləri, Aktauda təhsil alan azərbaycanlı tələbələr, şəhər ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak etmişlər.
Mərasim keçirilən salonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi və ulu öndər haqqında nəşr olunmuş kitablar nümayiş etdirilmişdir.
Tədbirin əvvəlində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, dövlətçiliyimizin möhkəmlənməsi və dünya dövlətləri arasında öz layiqli yerini tutması sahəsindəki xidmətlərindən danışmışdır.
R.Məmmədov müasir Azərbaycanın qurucusu Heydər Əliyevin dövlətçiliyimizin qorunması sahəsində gördüyü işlər, aparılan iqtisadi islahatlar və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat vermişdir.
“Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Yusif Quliyev, Qazaxıstan Jurnalistlər İttifaqının üzvü, “Lada” qəzetinin müxbiri Nataliya Zaderetskaya, Azərbaycan diasporunun nümayəndələri - həkim Vaqif Nağıyev, şair Rövşən Həsənov çıxış edərək, böyük şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin fəaliyyətindən, Azərbaycanın inkişafı sahəsində göstərdiyi xidmətlərdən danışmışlar.
Çıxışlardan sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau
######
