Aleksandr Lukaşenko Afina-Vilnüs reysində baş verən insidenti şərh edib
Minsk, 26 may, AZƏRTAC
Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün parlamentarilər, Konstitusiya komissiyasının üzvləri və dövlət idarəetmə orqanlarının nümayəndələri ilə görüşdə Afina-Vilnüs reysində baş verən insidenti şərh edib və yeni təfərrüatları açıqlayıb.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Prezident A.Lukaşenko deyib: “Biz, xüsusilə də obyektlərimizin minalanması təhlükəsi fonunda necə rəftar etməliydik? Siz Belarusda yaşayırsınız və bilirsiniz ki, hər gün ya məktəblər, ya universitetlər, ya da müəssisələr “minalanır”. IP-ünvanları Polşada, Litvada və Latviyada yerləşən təyyarələr də elə. Hər bir halda biz daxil olan məlumata adekvat reaksiya vermişik”.
Prezident qeyd edib ki, Afina-Vilnüs reysində baş verən insidentdə də təyyarənin minalanması barədə siqnal xaricdən - İsveçrədən daxil olub. Özü də xəbər Afina, Vilnüs və Minsk aeroportlarına eyni vaxtda daxil olub. Belarus tərəfi informasiyanı təyyarənin heyətinə operativ, beynəlxalq qaydalara uyğun şəkildə çatdırıb. “Çünki həmin vaxt təyyarə Belarusun sərhədini keçirdi və bizim hava məkanımızda idi. Biz məlumatı təyyarənin pilotlarına çatdırdıq, onu dərc etməyə məcbur olduq. Təhdid mənbəyinin “HƏMAS” ya qeyri-“HƏMAS” olmasının bu gün əhəmiyyəti yoxdur. Heyətin qərar qəbul etməyə vaxtı vardı. Müxtəlif ölkələrdən olan 123 sərnişin və 6 heyət üzvü bizim hava məkanımızda təhlükə altında idilər. Uçuş zonasında Belarus AES yerləşir. Məhz onun yaxınlığında bu təyyarənin dönüşü baş verdi. Əgər birdən... Çernobıl bizə dərs olmayıbmı?”, - deyə dövlət başçısı ritorik sual verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk