ALEKSANDR NEVSKİ MEYDANINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 23-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Dövlətimizin başçısı müqəddəs Aleksandr Nevski meydanına gəldi. Bolqarıstanın və Azərbaycanın dövlət bayraqlarının asıldığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımını avtomobilin yanında Bolqarıstan Prezidenti Georgi Pırvanov və xanımı qarşıladılar.
Prezident İlham Əliyevə müqəddəs Aleksandr Nevski meydanı barədə məlumat verildi.
Azərbaycanın və Bolqarıstanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev əsgərləri bolqar dilində salamladı.
Bolqarıstanın rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Prezident Georgi Pırvanova təqdim olundu.
Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Aleksandr Nevski meydanında Naməlum əsgər abidəsinin önünə əklil qoydu.