Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib
Naxçıvan, 17 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.
Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsinin daxil edildiyini diqqətə çatdırıb.
Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ ilə əlaqədar məlumat verilib, qanun layihəsinin Ali Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəsinə təqdim olunması ilə bağlı qərar qəbul edilib.
İclasın gündəliyində olan ikinci məsələ - “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi ilə bağlı Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdir müavini, müdir vəzifələrini müvəqqəti icra edən Tofiq Rəcəbli məlumat verib.
Gündəlikdə duran məsələ ətrafında müzakirələr aparıldıqdan sonra komitənin rəyi oxunub, qanun layihəsinin Ali Məclisin iclasının gündəliyinə daxil edilməsi tövsiyə olunub.