Ali Məhkəmənin Plenumu keçirilib
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi məhkəmə kollegiyalarının, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair və kasasiya instansiya məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə baxılması, o cümlədən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığının həllinə dair məhkəmə tərkiblərinin yenidən təşkili ilə əlaqədar məsələ müzakirə olunaraq qərar qəbul edilib.
Həmçinin “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, Ali Məhkəmənin hakimləri sırasından Hakimlərin Seçki Komitəsinə namizədlərin təklif olunması ilə əlaqədar məsələ müzakirə edilib və müvafiq qərar qəbul olunub.
Bundan başqa, Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Kərimov Səyyad Əli oğlu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.
Bununla da Plenumun işinə yekun vurulub.