ALİMLƏR QİÇS-İN MƏNBƏYİNİ AŞKAR ETMİŞLƏR
Alimlər immun çatışmazlığı virusunun (İÇV) meydana gəlməsi sirrini açmaq üçün ovçuların köməyindən istifadə etmişlər. Ovçular qalın cəngəlliklərdə şimpanze nəcisinin 1300 nümunəsini toplamışlar. Tədqiqatçılar əvvəlcə vəhşi şimpanzelərdə virusun ilkin versiyasının genetik baxımdan izlənilməsi metodikasını hazırlamaq üçün 7 il sərf etmişlər. Alabama Universitetinin əməkdaşı, beynəlxalq tədqiqatçılar qrupuna başçılıq edən Beatris Xan demişdir: “Biz 25 ildir pandemiya şəraitində yaşayırıq. Dərmanlarımız, vaksinlərimiz yoxdur. Lakin biz bu bəlanın haradan gəldiyini artıq bilirik”.
Primatların QİÇS törədən oxşar virusu vardır ki, bu da meymunların immun çatışmazlığı virusu (MİÇV) adlanır. Onların ifrazatının genetik analizini aparan alimlər yoluxmuş şimpanzeləri izləyə bilmişlər. Xanın sözlərinə görə, virusa yoluxmuş hər bir şimpanze bu primatlar üçün səciyyəvi baza genetik xüsusiyyətinə malikdir ki, bu da onların ümumi əcdadının olduğunu göstərir. Xan genetik analiz sayəsində Sanaqa çayı ətrafında məskunlaşan şimpanze qruplarını identifikasiya etmişdir. Şimpanzelərdə MİÇV virusu ştammının İÇV-nin insanlar arasında yayılmış ştammına oxşar olduğu müəyyənləşdirilmişdir.
Xan demişdir: “Genetik oxşarlıq heyrət doğurmuşdur”. Milli səhiyyə institutlarının QİÇS-lə məşğul olan bölməsinin başçısı Entoni Fausinin fikrincə, bu kəşf İÇV-nin mənşəyi barədə bütün suallara cavab verir.