Allahverdi Rüstəmov: Kyokuşin karateçilərimiz daha böyük qələbələr qazanmaq əzmindədirlər
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycanda Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinə də böyük diqqət və qayğı göstərilir. Təsadüfi deyil ki, beynəlxalq arenalarda keçirilən nüfuzlu yarışlarda atletlərimiz böyük uğurlar qazanırlar. Kyokuşin karateçilərimiz son illər əldə etdikləri nailiyyətlərlə bu idman növünün də ölkəmizdə inkişaf etdiyini bir daha sübut ediblər.
Bu sözləri AZƏRTAC-a Azərbaycan Kyokuşin Karate Federasiyasının vitse-prezidenti 6-cı dan qara kəmər ustası Allahverdi Rüstəmov deyib.
Federasiya rəsmisi kyokuşin karate üzrə yığma komandamızın Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə Azərbaycanı layiqincə təmsil etdiyini, Vətənə çoxlu medallarla qayıtdığını qeyd edib.
Allahverdi Rüstəmov xatırladıb ki, aprelin 13-14-də Litvanın paytaxtı Vilnüsdə 30-dan çox ölkədən 350-yə yaxın idmançının iştirakı ilə keçirilmiş Avropa çempionatında onun rəhbərliyi altında komandamız uğurla çıxış edib: “Yığmamız qitə çempionatında federasiyanın baş katibi Əbülfət Hacızadə, komandanın baş məşqçisi Samir Məmmədov, beynəlxalq dərəcəli A kateqoriyalı hakim Qabil Sayadov və 8 idmançı ilə təmsil olunub. Qadın döyüşçülərdən Solmaz Zeynallı (60 kq) Belçika, Polşa və Macarıstandan olan döyüşçülər üzərində qələbə qazansa da, finalda yerli idmançıya - ötən il Avropa çempionu olmuş litvalı döyüşçüyə məğlub olaraq gümüş medalla kifayətlənib. Kişilər arasında Xəyal Nuriyev (65 kq) yarımfinaladək uğurla irəliləsə də, bu mərhələdə tanınmış gürcü döyüşçünün - son 4 il ardıcıl Avropa çempionluğunu qazanan Andrey Zinçenkonun öhdəsindən gələ bilməyib və bürünc medala layiq görülüb. Yığma komandamızın digər üzvü Avropa çempionatının və bir sıra beynəlxalq turnirlərin qalibi Emin İsmayıllı Ukrayna, Macarıstan və Litvadan olan döyüşçülər üzərində tam qələbə qazanaraq, yarımfinalda Gürcüstan təmsilçisini də məğlub edib və finala yüksəlib. Finalda Andrey Zinçenko ilə gərgin keçən mübarizədə hər iki idmançı bərabər döyüş nümayiş etdirdiyindən əlavə 2 dəqiqə də döyüşməli olublar. Qalib müəyyən edilmədiyindən qarşılaşmanın müddəti daha 2 dəqiqə artırılıb və 7 dəqiqəlik döyüşün sonunda bütün hakimlər Emin İsmayıllının daha güclü olduğu barədə qərar qəbul ediblər. Beləliklə, idmançımız 4 qat Avropa çempionu A.Zinçenkoya qalib gələrək çempion titulunu qazanıb. Yığmanın digər üzvləri Sevinc Mehdiyeva, Mübariz Ağamalıyev, Etibar Ağalaroğlu, Yasir Məmmədov və Nail Quliyev yarışı medalsız başa vurublar”.
Allahverdi Rüstəmov federasiyanın prezidenti Natiq Heydərovun komandanın hərtərəfli hazırlıq keçməsi üçün hər cür şərait yaratdığını bildirib. Qeyd edib ki, atletlər üçün mütəmadi təlim-məşq prosesləri təşkil edilir, məşqçi və hakimlərin seminarlarda, kurslarda iştirakı təmin edilir.
Federasiyanın vitse-prezidenti kyokuşin karateçiləri qarşıda bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib: “Mayın 28-29-da Praqada 22 yaşadək kyokuşin karateçilər arasında keçiriləcək Avropa birinciliyində komandamızın iştirakı planlaşdırılır. Sentyabrda isə millimiz Batumidə Qafqaz kuboku yarışlarında gücünü sınayacaq. Bu ilin ən nüfuzlu yarışı isə noyabrda Yaponiyada təşkil ediləcək dünya çempionatıdır. Hər üç turnirdə yüksək səviyyədə iştirak etmək üçün yığmamızın hazırlığı davam edir. Kyokuşin karateçilərimiz daha böyük qələbələr qazanmaq əzmindədirlər”.