İQTİSADİYYAT
Allahverən İsmayılov: Hakerlər daha çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar
Bakı, 19 sentyabr, AZƏRTAC
Ümumdünya Kibertəhlükəsizlik Təşkilatının (GISEC) məlumatına əsasən kiberhücumlar qlobal miqyasda artmaqda davam edir. Kibercinayətkarlığın qlobal iqtisadiyyata hər il 1 trilyon ABŞ dollarından çox ziyan vurduğu təxmin edilir.
AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov Bakıda keçirilən “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı deyib.
“Belə ki, bu ilin birinci yarısında beynəlxalq miqyasda kiberhücumlar 30 faiz artıb. Bu artımda yeni texnologiyaların tətbiqi, zəif müdafiə üsulları və insan amili xüsusi yer alır. Hakerlər daha çox fərdi məlumatları, maliyyə məlumatlarını və dövlət sirlərini hədəfə alırlar. Belə bir mühitdə informasiya təhlükəsizliyi məsələlərinin önəmi daha da artır”, - deyə A.İsmayılov qeyd edib.
Rəis müavini bildirib ki, bu gün Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatı kibertəhlükələri dünyanın qarşılaşdığı ən mühüm risklərdən biri hesab edir: “Kiberhücumların kəskin artdığı, kibercinayətkarlığın qlobal iqtisadiyyata trilyonlarla dollar ziyan vurduğu bir dövrdə konfransların, sərgilərin, aktual müzakirələrin təşkilini, keçirilməsini çox əhəmiyyətli hesab edirik. “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusu rəqəmsal dövrdə dayanıqlı inkişaf üçün həyati əhəmiyyət kəsb edən kibertəhlükəsizlik sahəsindəki son nailiyyətləri və trendləri əhatə edir. Bu mövzu həm iqtisadi inkişafı, həm də texnoloji tərəqqini nəzərə alaraq bizə yaşıl iqtisadiyyat hədəflərinə çatmaq üçün zəruri olan kibertəhlükəsizlik yanaşmalarını təqdim edir”, - deyə XRİTDX-nin rəis müavini vurğulayıb.