Almaniyada avtomobil yanacağının bahalaşması müşahidə olunur
Berlin, 27 may, AZƏRTAC
Almaniya Federativ Respublikasının yanacaqdoldurma stansiyalarında (YDS) yanacağın qiymətinin bir qədər artması müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu ölkədə ümumi inflyasiya ilə müqayisədə benzinin və dizel yanacağının qiyməti daha sürətlə artır. Məsələn, bir ay bundan əvvəl premium sinfinə aid benzinin qiyməti keçən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 25 faiz, dizel yanacağının qiyməti isə 19,5 faiz çox olub. Müqayisə üçün xatırladaq ki, həmin dövrdə digər istehlak mallarının qiyməti cəmi 2 faiz artıb.
İş burasındadır ki, mart ayında Almaniyaya idxal edilən xam neftin qiyməti ötənilki ilə müqayisədə xeyli artıb. Keçən ilin mart ayında pandemiya nəticəsində dünyada xam neftə tələbat əhəmiyyətli dərəcədə azalıb və nəticə etibarilə YDS-lərdə pərakəndə satış qiymətləri aşağı düşüb. İndi isə həyat əvvəlki məcraya qayıdır və bununla əlaqədar, necə deyərlər, hər şey öz yerini tapır.
Xatırladaq ki, bu ilin əvvəlindən etibarən AFR-də atmosferə buraxılan karbon qazının hər tonuna görə 25 avro rüsum tutulur. Həmin xərclər dolayısı ilə avtomobil sahiblərinin üzərinə düşür, bu da benzinin və dizel yanacağının qiymətlərində öz əksini tapır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin