RƏSMİ XRONİKA
ALMANİYANIN FEDERAL KANSLERİ ANGELA MERKELİN BƏYANATI
- Hörmətli xanımlar və cənablar!
Mən bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi
ölkəmizdə ürəkdən salamlayıram. Söhbətimiz zamanı əsas mövzularımız iki ölkə arasında mövcud olan əlaqələrə aid idi. Deyə bilərəm ki, Azərbaycan ilə Almaniya arasında, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan əlaqələr çox vacibdir. Hesab edirəm ki, bu əlaqələr həm Avropa İttifaqı, həm də Azərbaycan üçün çox vacibdir. Biz Azərbaycanda gedən inkişaf proseslərindən danışdıq. İqtisadi sahədə, eləcə də ictimai-siyasi sahədə islahatların həyata keçirilməsi çox zəruridir.
Söhbətimizin ikinci mövzusu demokratiyanın inkişafı ilə bağlı idi. Zənnimcə, transformasiya prosesində demokratik inkişafa nail olmaq çox vacibdir.
Əlbəttə ki, biz Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə əməkdaşlıqdan da danışdıq. Daha çox enerji sahəsində əməkdaşlığa üstünlük verildi. Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan əlaqələr bu sahədə gündən-günə artacaqdır. İqtisadiyyatın şaxələndirilməsi sahəsində Almaniya Azərbaycana həmişə öz yardımını göstərəcəkdir. Gələn illərdə həm Almaniya-Azərbaycan, həm də Avropa İttifaqı-Azərbaycan arasında olan iqtisadi əməkdaşlıq gündən-günə artacaqdır.
Bildiyiniz kimi, Azərbaycan İranla qonşu ölkədir və əlbəttə, Azərbaycan ilə İran arasındakı əlaqələrdən, İranın nüvə proqramından da danışdıq.
Cənab Prezident, Sizi bir daha salamlayıram və əminəm ki, mövcud olan əlaqələr dinamik şəkildə inkişaf edəcək və Almaniya öz yardımını həmişə göstərəcəkdir.