AMEA Humanitar Elmlər Bölməsinin növbəti iclası Mir Cəlal Paşayevə həsr olunub
Bakı, 27 aprel, AZƏRTAC
AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. İclasın görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anadan olmasının ildönümünə həsr olunduğunu qeyd edən T.Kərimli onun zəngin irsindən, Azərbaycan elminin, təhsilinin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasındakı müstəsna xidmətlərindən söz açıb.
Elmi şuranın iclasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Tehran Mustafayevin “XX əsr Azərbaycan ədəbiyyatının korifeyi - Mir Cəlal” mövzusunda geniş məruzəsi dinlənilib. O, çıxışında bildirib: “Milli dəyərlərin, azərbaycançılıq ideyasının qorunub saxlanılması və inkişafında, nəsillərdən-nəsillərə ötürülməsində böyük xidmətləri olan ədiblərdən biri, Ulu Öndərin göstərdiyi kimi, bu gün xatirəsini sevgi ilə andığımız Mir Cəlaldır. Həm də təkcə yazıçı olaraq yox, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Mir Cəlalın geniş və zəngin fəaliyyətinin hər üç qolunda yazıçı olaraq - ədəbiyyat sahəsində, ədəbiyyatşünas və tənqidçi kim filoloji-humanitar fikirdə, pedaqoq kimi maarif və təhsil sahəsində. Fəaliyyətinin hər hansı istiqamətində Mir Cəlal öz möhürünü qoymuş, adını, imzasını XX əsr Azərbaycan ədəbiyyat və elm tarixinə yazmışdır”.
Tehran Mustafayev ədibin yüksək yazıçılıq qabiliyyətindən danışaraq qeyd edib ki, Mir Cəlal XX əsr sovet dönəmi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, bu ədəbiyyatın və bu dövr milli nəsrinin əsasını qoyanlardan biridir. Bədii yaradıcılığı 1930-1970-ci illərdə qələmə aldığı “Dirilən adam” (1934-1935), “Bir gəncin manifesti” (1938), “Açıq kitab” (1941), “Təzə şəhər” (1948-1950), “Yolumuz hayanadır” (1952-1957), “Yaşıdlar” (1946-1963), yüzlərlə hekayə və onlarla kitabları, çoxsaylı publisist yazılarından ibarətdir... Mir Cəlalın gülüşü ayrıca bir fenomendir, istər hekayələrində, istərsə romanlarında. Zaman ədəbiyyatda xəlqilik istəyirdi və Mir Cəlal klassik ədəbiyyatdan aldığı Mirzə Cəlil ironiyasını, Sabir satirasını bilavasitə xalq gülüşü ilə sintez etməyə, zənginləşdirməyə, yeni zamanların gülüşünü yaratmağa səylər edirdi. Mir Cəlalın ədəbiyyatşünas-alim, tənqidçi kimi fəaliyyətini diqqətə çatdıran məruzəçi bildirib ki, yazıçının bədii əsərlərinin arxasında həm də alim düşüncəsi, yaradıcılığının ikinci qolu dururdu. Tanınmış alim ədəbiyyatın praktikası ilə yanaşı, eyni uğurla da nəzəriyyəsi, tarixi, tənqidi ilə də məşğul olurdu. Geniş erudisiyası, zəngin bilikləri, iti analitikası, o cümlədən böyük yazıçı istedadı Mir Cəlalın tənqidçi qələminə Azərbaycan ədəbiyyatını bütövlükdə tarixi, nəzəriyyəsi, klassikası və müasirliyi ilə əhatə etməyə imkan verirdi.
Tədbirdə Mir Cəlalın yetirməsi, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov çıxış edərək iclas iştirakçıları ilə xatirələrini bölüşüb. Alim öz müəllimlərini, xüsusilə də gələcək həyat yoluna işıq salan, yol göstərən unudulmaz insan, istedadlı yazıçı, görkəmli alim Mir Cəlal Paşayevi həmişə minnətdarlıq duyğusu ilə xatırladığını bildirib. O, tələbəlik illərində və 1959-1961-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alarkən Mir Cəlalın dəyərli məsləhətləri, qiymətli tövsiyələri ilə yetişdiyini, ədəbiyyatşünas alim və pedaqoq kimi formalaşmasındakı əməyini xüsusi qeyd edib.
“Mir Cəlal elmi, səmimiyyəti və tələbələrinə göstərdiyi qayğı ilə sözün əsl mənasında pedaqoq idi. O, sayı-hesabı bilinməyən böyük bir filoloq nəslinin yetişməsi və formalaşmasında müstəsna xidmətləri olan əsl ziyalı olub. Mir Cəlal məktəb yaradıb, hamımıza nümunə olub”, - deyə Təhsin Mütəllimov bildirib.
İclasda Humanitar Elmlər Bölməsinin Elmi şurasının üzvü akademik Muxtar İmanov Mir Cəlalın şeirləri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd ədibin keşməkeşli həyat yolu haqqında maraqlı məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən akademik Teymur Kərimli müasir Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığının və pedaqoji elminin ilkin təmsilçilərindən olan unudulmaz ustad Mir Cəlal Paşayevin 115 illiyi münasibətilə elmi konfransın keçirilməsi, həyatı və yaradıcılığının KİV-də işıqlandırılması ilə əlaqədar Humanitar Elmlər Bölməsinə müvafiq tapşırıqlar verib.
Tədbirdə Mir Cəlal Paşayevin əziz xatirəsi ehtiramla yad edilib, sağlığında söylədiyi və dərin mənaya malik “Elm də, sənət də məfkurədir. Varlığın ifadəsi, inikasıdır, hər ikisi həyatı əks etdirir. Fərq isə bunların həyatı inikas şəkillərindədir” ifadəsi onun şəxsiyyətinə hörmət əlaməti olaraq alimlər tərəfindən dəfələrlə səslənib.
Elmi şuranın iclasında bir sıra kadr məsələləri də müzakirə olunub. Filologiya elmləri doktoru Tahirə Məmməd Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin, filologiya elmləri doktoru Fəridə Əzizova həmin institutun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə təsdiq edilib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovanın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul edilib.
Akademik Teymur Kərimli 2023-cü il may ayının 13-də Xalq yazıçısı, görkəmli ictimai-siyasi xadim Elçin Əfəndiyevin 80 yaşının tamam olacağını diqqətə çatdırıb. Bu münasibətlə Humanitar Elmlər Bölməsinin elmi müəssisələri və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə yubiley tədbirinin təşkil edilməsi, tanınmış yazıçının həyat və yaradıcılığının KİV-də işıqlandırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Elmi şuranın iclasında professor Vüqar Əhməd 60 illik yubileyi, filologiya elmləri doktoru, dosent Vaqif Yusifli isə 75 illik yubileyi münasibətilə Humanitar Elmlər Bölməsinin fəxri fərmanları ilə təltif edilib.