AMEA Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün test imtahanları keçirilir
Naxçıvan, 26 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant olan vəzifələrin tutulması üçün ötən il noyabrın 6-da elan edilmiş müsabiqənin test imtahanlarına 2019-cu il fevral ayının 25-dən start verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul olunub.
Müsabiqəyə çıxarılan 38 vakant vəzifənin tutulması üçün 10 nəfər tərəfindən sənəd təqdim edilib.
Qeyd edək ki, muxtar respublikada ilk dəfə olaraq AMEA Naxçıvan Bölməsində işə qəbul mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçirilir.
İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə ixtisas üzrə 50, informasiya texnologiyaları üzrə 20, dünyagörüşü üzrə 20, ingilis dili üzrə isə 10 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün namizədlərə 120 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb.
İmtahan bitdikdən dərhal sonra namizədlərə nəticəyə dair arayış təqdim edilib. Nəticələr komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.