ELM VƏ TƏHSİL
AMEA-nın Dendrologiya İnstitutu Korçay Dövlət Təbiət Qoruğu ilə əməkdaşlıq edəcək
Bakı, 8 iyun, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Korçay Dövlət Təbiət Qoruğu arasında 2020-2027-ci illər üzrə elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.
Müqaviləni AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov və Korçay Dövlət Təbiət Qoruğunun direktoru Xaliq İsgəndərov imzalayıblar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tərəflər Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair fəaliyyət planı çərçivəsində AMEA-ya tapşırılmış işlərin icrasının təmin edilməsi üçün şimal-qərb bölgəsinin dendroflorasının və biomüxtəlifliyinin öyrənilməsi üzrə birgə elmi tədqiqatların aparılmasına, nəticələrdən birgə istifadəyə dair razılığa gəliblər.
Müqavilənin məqsədi bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bitki növlərinin inventarlaşdırılmasının həyata keçirilməsi və elektron məlumat bazasının yaradılması, xüsusi mühafizə statusu olmayan, lakin həssas ekosistem kimi qiymətləndirilən ərazilərdən flora növlərinin yayıldığı ərazilərin davamlı istifadəsinə dair təkliflərin hazırlanmasıdır. Müqavilədə şoran və təkrar şorlanmaya məruz qalmış torpaqların yuyulması və bu ərazilərdə şəraitə uyğunlaşmış ağac və kol cinslərindən ibarət meşə bərpa zonalarının və meşə bərpa işlərinin, torpaqların əkin dövriyyəsinə qaytarılması məqsədilə meliorasiya işlərinin görülməsi üçün təkliflərin hazırlanması ilə bərabər sərhədyanı ərazilərdə bioloji müxtəliflik komponentlərinin nadir növlərinin təbii bərpasının, qorunub saxlanması və onlardan davamlı istifadə üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Müqaviləyə əsasən, ərazilərdə flora növlərinin cari vəziyyəti qiymətləndiriləcək, ekoloji və iqtisadi baxımdan zərərli populyasiyalar aşkar ediləcək, onlara qarşı mübarizə tədbirləri hazırlanacaq. Bundan başqa, hər iki müəssisənin təsdiqlənmiş tematik planları çərçivəsində elmi-tədqiqat işlərinin mövzularına uyğun olaraq nadir endemik yabanı dərman bitkilərinin davamlı istifadəsi təmin ediləcək, dərman bitkilərinin qruplaşdırılaraq sistematik təhlil olunması istiqamətində elmi tədqiqatlar aparılacaq.