AMEA-nın İqtisadiyyat İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə iştirakçılar Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev tarixin müxtəlif dövrlərində Azərbaycan xalqının başına gətirilmiş faciələrdən, insanlıq tarixinin ən böyük cinayətlərindən sayılan, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş Xocalı soyqırımından bəhs etmişdir.
İ.Alıyev demişdir ki, qarı düşmən zaman-zaman öz məkrli siyasətindən əl çəkməmiş, min bir hiylə və şərəfsizliklə amansız planlarını həyata keçirməyə çalışmışdır. Əliyalın, dinc və günahsız Xocalı sakinlərinin ölümsaçan müasir silahlarla məhv edilməsi də bu siyasətin tərkib hissəsi idi. Bu faciə məğrur Azərbaycan xalqının qan yaddaşında silinməz iz buraxmışdır. Ermənistanın əliqanlı siyasi liderləri törətdikləri qanlı cinayəti hər bir vəchlə ört-basdır etməyə çalışsalar da, gündən-günə güclənən Azərbaycanın apardığı haqq savaşında duruş gətirə bilməmişlər. Bu gün dünya birliyi həmin faciənin bütün bəşəriyyət əleyhinə yönədiyini yaxşı dərk edir. Bizim qüdrətli dövlətimiz, torpaqlarımızı hər an düşmən tapdağından azad etməyə qadir olan güclü ordumuz vardır. İnanırıq ki, tezliklə haqq-ədalət öz yerini tutacaq, cinayətkarlar layiqli cəzalarını alacaq, doğma Qarabağımız işğaldan tamamilə azad ediləcəkdir.
Digər çıxış edənlər də faciənin dəhşətlərindən söz açmış, Xocalı soyqırımına beynəlxalq hüquqi-siyasi qiymət verilməsinin və günahkarların cəzalandırılmasının vacibliyini vurğulamışlar.