AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin biblioqrafiyası nəşr edilib
Naxçıvan, 13 aprel, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri” seriyasından tanınmış dilçi-türkoloq alim, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin biobiblioqrafik göstəricisi hazırlanıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görkəmli alimin 70 illik yubileyi haqqında kitabın elmi redaktoru AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, redaktoru AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, tərtibçiləri alimin qızı, filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəzqızı və Mərkəzi Elmi Kitabxananın baş biblioqrafı Mahnur Həsənovadır.
Görkəmli pedaqoq Əbülfəz Quliyevin həyat və fəaliyyətinin əsas tarixlərini özündə əks etdirən, 1972-2020-ci illəri əhatə edən biobiblioqrafiyada alimin monoqrafiyaları və dərslikləri, tərtibçisi olduğu və tərcümə etdiyi kitabları, elmi və elmi kütləvi məqalələri, elmi rəhbərlik və opponentlik etdiyi dissertasiyalar, Azərbaycan və türk dillərinin tarixini geniş təbliğ edən müxtəlif konfrans, simpozium, elmi seminarlarda etdiyi çıxış və məruzələri öz əksini tapıb. Həmçinin göstəriciyə üç dildə alimin həyat və fəaliyyətinin əsas tarixləri, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk daxil edilib.
Kitab Azərbaycan dilçiliyi, türkologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.