AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu fəaliyyətini onlayn rejimdə davam etdirir
Bakı, 16 aprel, AZƏRTAC
AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq fəaliyyətini onlayn davam etdirir. NKPİ-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə institutun fasiləsiz mühafizəsi işi yüksək səviyyədə təşkil edilib. İnstitutun rəhbərliyi distant nəzarəti həyata keçirir.
Elmi müəssisədə istifadə olunan, daim azot və helium istifadəsi tələb edən bahalı və nadir cihazların işçi vəziyyətdə saxlanılması təmin edilib. NKPİ-nin magistraturasında təhsil alan I və II kurs tələbələrin distant təhsili təşkil olunub.
İnstitutun elmi işçiləri karantin dövrünə qədər aparılmış tədqiqatların nəticələrini ümumiləşdirərək beynəlxalq və yerli nüfuzlu elmi jurnallara məqalələr hazırlayırlar.
Elmi müəssisənin rəhbərliyinin və aparıcı alimlərin təklifləri ilə bir neçə monoqrafiya yazılır və həmmüəlliflər onlayn əlaqə saxlayaraq, mətnlərin müzakirəsini aparırlar.
İnstitutun “Neft kimyası və neft emalı prosesləri” (Processes of Petrochemistry and Oil Refining) və “Kimya məktəbdə” elmi-nəzəri və metodik jurnalı öz fəaliyyətini onlayn formada davam etdirir. Hər iki jurnalın növbəti nömrələrinə məqalə qəbulu onlayn aparılır.
İnstitutun rəsmi nkpi.az veb-saytının əməkdaşları öz fəaliyyətlərini onlayn davam etdirirlər. Saytda hər gün dünyada və ölkəmizdə olan mühüm elmi xəbərlər, həmçinin şagirdlər, tələbələr, magistrantlar və geniş oxucu kütləsi üçün maraqlı məlumatlar yerləşdirilir.