AMEA-nın Tarix İnstitutu daha bir mükafata layiq görülmüşdür
Bakı, 3 iyun (AZƏRTAC). İyunun 3-də Azərbaycan Kazakları İcmasının Atamanı, general-leytenant Viktor Mereşkin və polkovnik-leytenant Faiq Nuriyev AMEA-nın Tarix İnstitutunda olmuşlar.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, burada keçirilən görüşdə Azərbaycan-Kazak tarixi əlaqələrinə dair müzakirə açılmışdır.
Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan-Kazak dostluq əlaqələrinin tarixi köklərindən danışaraq bu barədə araşdırmaların aparılmasına böyük ehtiyacın olduğunu vurğulamışdır. Bu sahəyə dair müvafiq dissertasiya tədqiqatlarının işlənilməsi də təklif edilmişdir.
Ataman Viktor Mereşkin ölkəmizdə kazakların fəaliyyətindən danışaraq bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsində kazaklar həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləmişlər və bundan sonra da dəstəkləyəcəklər. O, Tarix İnstitutunun direktoru Yaqub Mahmudova Azərbaycan-Kazak əlaqələrinin inkişafına, ölkəmizdə kazakların tarixi ilə bağlı Lənkəranda abidə qoyulması ilə bağlı göstərilən dəstəyə görə təşəkkür etmişdir.
Ataman Viktor Mereşkin institutun direktoru Yaqub Mahmudovun elmin inkişafına, kazaklarla əlaqələrin gücləndirilməsinə, onların tarixi, mədəni və vətənpərvərlik adət-ənənələrinin dirçəlməsinə verdiyi töhfəyə görə Azərbaycan Kazakları İcmasının “Ataman Anton Qolovatıy” ordeni ilə təltif olunması barədə məlumat vermiş və mükafatı görkəmli alimə təqdim etmişdir.
Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov qonağa kazakların tarixi problemləri ilə dərindən maraqlandığına və yüksək mükafata görə təşəkkür etmişdir.
İnstitutun Elmi Şurası adından Azərbaycan Kazakları İcmasına “Azərbaycan xalçaları: İrəvan qrupu” və “İrəvan xanlığı” kitabları hədiyyə olunmuşdur.