Amerikalı ekspert bəzi qəzetlərin Azərbaycana qərəzli münasibətindən yazıb
Vaşinqton, 24 oktyabr, AZƏRTAC
ABŞ-da çıxan “The Hill” qəzetində Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə iş şöbəsinin keçmiş rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Ceyson Katsın “Biz mediaya inanmalıyıqmı? Bunu İsraildən və Azərbaycandan soruşaq” sərlövhəli məqaləsi dərc edilib. Müəllif yazır ki, ABŞ-da siyasi quruluşun dayaqlarından biri olan media demokratiyanın qarantı hesab edilir. Çünki onlar “bizim vəzifəli şəxslərin əsl simasını açıb göstərir” və cəmiyyəti maarifləndirir.
Ekspert qeyd edir ki, nüfuzlu və etibarlı mətbuat resurslarının sayının azalması təkcə yeni texnologiyalar və medianın yeni formaları ilə deyil, həm də oxucuların mediaya etimadının aşağı düşməsi ilə bağlıdır. C.Kats yazır ki, bu, hər şeydən əvvəl hazırda bloqer adı altında gizlənən çoxlu konspiroloqların və KİV-də qərəzli, yanlış fikirləri və şəxsi maraqları ilə çıxış edərək özünü jurnalist kimi təqdim edən çoxlu bloqerlərin meydana gəlməsi ilə bağlıdır. Müəllif vurğulayır ki, “Washington Post” kimi nüfuzlu qəzetlər, ümumiyyətlə, “relsdən çıxıblar”, təkcə onların Azərbaycan və İsrail haqqında “reportajlarına” baxmaq kifayətdir. “Washington Post”un Azərbaycan haqqında mənfi tonuna sadəcə diqqət yetirən oxucu dərk edir ki, nəşrin redaksiyası bu ölkə barədə nə dərəcədə yanlış fikirdədir. Müəllif qeyd edir ki, Azərbaycan - Xəzərin sahilində yerləşən keçmiş sovet respublikası müstəqilliyini bərpa etdikdən sonra Qərb ilə yaxın siyasi və diplomatik əlaqələr quran sabit və etibarlı müttəfiqdir.
Azərbaycan Avropanın təbii qazla təchizi baxımından qitə üçün enerji ehtiyatlarının və enerji təhlükəsizliyinin şaxələndirilməsi mənbəyidir. C.Kats diqqətə çatdırır ki, Azərbaycan müsəlmanların, yəhudilərin və xristianların dinc və yanaşı yaşadıqları tolerantlıq ənənələrinə malik ölkədir, İsrailin, ABŞ-ın, Avropanın yaxın müttəfiqidir. Təəssüf ki, “The Washington Post” qəzeti bu dəyərlər barədə yazmır. Müəllif bildirir ki, qəzet Xədicə İsmayılovanın maraqlarını müdafiə edən məqalələrində onu gah jurnalist, gah hüquq müdafiəçisi kimi təqdim edir və bildirir ki, o, guya insan hüquqları barədə reportajlarına görə məhkum edilib. Müəllif qeyd edir ki, jurnalistlər adətən xəbər verir, hüquq müdafiəçiləri isə insan hüquqlarını müdafiə edirlər. Lakin maraqlı odur ki, X.İsmayılova “Azadlıq” radiosunda - ABŞ-ın Sovet İttifaqı, indi isə Rusiya, Avrasiya və digər məsələlərlə bağlı maraqlarını və siyasətini yeritmək məqsədilə yaradılmış təbliğatçı təşkilatın sıralarında işə götürülüb və hazırlıq keçib. Ekspert yazır ki, “Azadlıq” radiosunu, eyni zamanda, mətbuatda vergiödəyicilərinin pulunun boş xərclənməsi kimi xarakterizə edirlər, xüsusilə ona görə ki, təşkilat öz üzərinə ABŞ müttəfiqlərinə hücum missiyasını götürüb. C.Kats məqaləsinin sonunda yazır ki, media ən azı ABŞ demokratiyası naminə nə dərəcədə etibarlı, inamlı və mötəbər olması barədə düşünməlidir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton