AMERİKALI QADIN RUSİYADAN ÖVLADLIĞA GÖTÜRDÜYÜ QIZI ÖLDÜRDÜYÜ ÜÇÜN 25 İL MÜDDƏTİNƏ MƏHKUM OLUNMUŞDUR
Amerikalı ər-arvad Peggi və Kristofer Hilt iki il əvvəl irkutsklu Viktoriya Bajenovanı övladlığa götürmüşdülər. Qızcığaz ABŞ vətəndaşlığı və yeni Nina - Viktoriya adını almış, lakin ötən ilin iyulunda Manassas xəstəxanasında keçinmişdir. Hiltlər buraya qohumları ilə ABŞ-ın Müstəqilliyi gününü qeyd etməyə gəlmişdilər. P. Hilt uşağı xəstəxanaya gətirəndə onun yıxıldığını söyləmişdir. Lakin uşağın bədənində zor tətbiqi izlərini aşkar edən həkimlər polis çağırmışlar.
Məhkəmə iclaslarından birində detektivin dediyinə görə, Peggi Viktoriyanın ölümündən bir neçə gün sonra etiraf etmişdir ki, qəzəblənərək özünü ələ ala bilmədiyi üçün hirsini qızlığının üstünə tökmüş, onu silkələməyə, yerə çırparaq ayaqları ilə qarın və kürək nahiyəsinə zərbələr endirməyə başlamışdır. Ertəsi gün ailə maşınla Manassasa yola düşmüş, dörd saatdan sonra uşaq huşunu itirərək keçinmişdir. Meyitin yarılması göstərmişdir ki, onun ölümünə qarın nahiyəsindən aldığı güclü zərbələr səbəb olmuşdur.
Psixiatrik müayinə P.Hiltin anlaqlı olduğunu təsdiqləmişdir.
Qeyd edək ki, son 10 ildə ABŞ-da övladlığa uşaq götürən valideynlərin əlində 14 rusiyalı uşaq ölmüşdür.