Ana və uşaqların sağlamlığının qorunması dövlətimizin rəhbərliyinin diqqət mərkəzindədir
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda beynəlxalq elmi konqres öz işinə başlayıb.
Konqres Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, “Humana” və “World Medicine” şirkətlərinin dəstəyi ilə təşkil olunub.
Konqresin rəsmi açılış hissəsi başlamazdan öncə təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar ilk növbədə Fəxri xiyabanı ziyarət edib və Ümummilli Liderin məzarı önünə tər çiçəklər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Təşkilat Komitəsinin üzvləri və rəsmi qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələrini yad edərək onların məzarları üzərinə gül dəstələri düzüblər.
Konqres Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Azərbaycan dövlətçiliyinin xilaskarı, Türk dünyasının böyük oğlu Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konqresin açılış mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, Əməkdar həkim Rəşad Mahmudov və Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov, Azərbaycan Tibb Universitetinin Birinci mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva çıxış edib, tədbir iştirakçılarını salamlayaraq, konqresin işinə uğurlar diləyiblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafında çox böyük əməyi və əvəzsiz rolu olduğunu, Ulu Öndərin ana və uşaq sağlamlığı ilə bağlı məsələlərə həmişə xüsusi diqqət yetirdiyini, bu sahənin daim onun nəzarəti və qayğısı altında olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Ümummilli Liderin 100 illik yubileyi çərçivəsində təşkil edilən tədbirlər içərisində belə bir konqresin təşkili xüsusi məna daşıyır.
“Ana və uşaqların sağlamlığının qorunması indi də dövlətimizin rəhbərliyinin diqqət mərkəzindədir. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ulu Öndərin siyasətini davam etdirərək bu mühüm sahəni daim öz şəxsi nəzarətlərində saxlayırlar. Bunun nəticəsidir ki, son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində Azərbaycanda ana və uşaq sağlamlığının qorunması sahəsində göstərilən tibbi xidmətlərin keyfiyyəti xeyli yüksəldilib, beynəlxalq diridoğulma meyarları müvəffəqiyyətlə tətbiq olunub, mamalıq-ginekologiya, pediatriya və neonatologiya üzrə kadr potensialı əhəmiyyətli dərəcədə gücləndirilib. İki gün ərzində keçiriləcək konqres ölkəmizdə ana və uşaq sağlamlığı sahəsində göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına yönəlmiş səylərə dəstək vermək məqsədi daşıyır. Konqresdə bu sahədəki yeniliklər, nailiyyətlər barədə məlumatlar veriləcək, həmçinin həllini gözləyən və diqqət tələb edən məsələlər müzakirə ediləcək”, - deyə C.Məmmədov qeyd edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Ulu Öndər hakimiyyətə gəldikdən sonra gündəlikdə ən prioritet məsələlərdən birinin təhsil və insanların sağlamlığı olduğunu diqqətə çatdırıb: “Ana və uşaqların sağlamlığının mühafizəsi önəmli məsələlərdən biri idi. Sağlam ailə, sağlam nəsil, sağlam millət deməkdir. Bu baxımdan Ulu Öndərin imzaladığı "Əhalinin sağlamlığının qorunması haqqında” Qanunu xüsusilə qeyd etmək lazımdır. Həmçinin milli reproduktiv sağlamlıq proqramının həyata keçirilməsi ana və körpə ölümünün azaldılması sahəsində müsbət nəticələr verdi. Bu gün həmin siyasət davam edir. Prezident İlham Əliyevin imzaladığı sənədlər - uşaqların icbari dispanserizasiyadan keçirilməsi, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına, talassemiya ilə mübarizəyə dair və bir sıra dövlət proqramları var ki, onlar bizim əhali ilə işləməyimizə çox böyük bir dəstəkdir.
Xüsusilə də tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı ailə məcəlləsinə edilən dəyişiklik həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Qanunvericilikdəki həmin dəyişiklik Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü idi. Bunun müsbət nəticələrini görürük”.
Çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Azərbaycan səhiyyənin inkişafı yönündə öz tarixinin ən uğurlu dönəmlərini yaşadığını bildirib: “Ölkə səhiyyəsinə ayrılan büdcənin əvvəlki illərlə müqayisədə 400 faiz artmasının şahidiyik. Yeni tibb mərkəzlərinin tikintisi, maddi-texniki imkanların artırılması, insan resurslarına verilən dəyər, icbari tibbi sığortanın tətbiqi ilə birlikdə Azərbaycanda aparılan səhiyyə islahatları bizi sevindirməklə birlikdə, səhiyyə işçiləri olaraq üzərimizə böyük bir məsuliyyət də qoyur”.
Rəsmi açılış hissəsindən sonra əbədiyaşar lider Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş etdirilib.
“Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda beynəlxalq elmi konqresin “Müasir mama-ginekologiyanın aktual problemləri” başlığı altında keçirilən hissəsinin I paneli “Servikal skrininq və kolposkopiya: Yerli və beynəlxalq təcrübə”, II paneli “Uroginekologiyaya müasir baxış” və III paneli “Menopauzanın idarəedilməsi: Yerli və beynəlxalq təcrübə” mövzularında olub. Panellərdə Azərbaycan, Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislərin təqdimatları dinlənilib.
Birinci paneldə Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Sədi Allahverdiyev “Uşaqlıq boynu lokalizasiyalı miomalara cərrahi yanaşma” mövzusunda, II paneldə Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi Bəhruz Xalıqov “Qadınlarda sidik saxlamamanın müalicəsi. Azərbaycanda mövcud tendensiyalar” mövzusunda, III paneldə Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru Təranə Bayramova “Genitourinar menopauza sindromu: müasir müalicə üsulları (estetik prosedurlar və lazer) mövzusunda təqdimatlarla çıxış ediblər. Sual-cavab sessiyasında məruzələr ətrafında geniş müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Konqres çərçivəsində noyabrın 27-də “Doğum zalında neonatal reanimasiya” kursu keçirilib. Kursda Sağlık Bilimleri Universiteti Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Merih Çetinkaya “Doğum zalında neonatal reanimasiya-nələrə diqqət etməliyik?” mövzusunda master-klas nümayiş etdirib.
Konqres işini noyabrın 28-də “Neonatologiya və pediatriyada yeniliklər” mövzusunda davam etdirəcək. Noyabrın 28-də, həmçinin Ankara Universiteti Tibb fakültəsinin professoru, Neonatologiya Cəmiyyətinin üzvü Ömer Erdeve “Praktik vərdişlər” mövzularında master-klas nümayiş etdirəcək.