CƏMİYYƏT
ANAMA-da Fransa nümayəndə heyəti ilə görüş keçirilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov Fransanın ölkəmizdəki səfiri Zakari Qrosun müşayiət etdiyi piyadalar əleyhinə minaların məhv edilməsi üzrə Milli Komissiyasının (CNEMA) nümayəndə heyəti ilə görüş keçirib.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı işğaldan azad olunan ərazilərdə ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə məlumat verilib, prezentasiya təqdim edilib.
Səfərin başlıca məqsədi Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Fransanın mümkün töhfəsinin verilməsi, eləcə də minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi və bu sahədə lazımi dəstəyin göstərilməsinin müzakirəsindən ibarət olub. Yaxın zamanda, iki tərəfli əməkdaşlıq çərçivəsində qeyd olunmuş istiqamətlər üzrə sənədin imzalanması nəzərdə tutulur.